Alimlər bu yaxınlarda aşkarladıqları “K2-18b” adlı planetin atmosferində həyatla əlaqəli ola biləcək kimyəvi maddələr tapıblar.
Bu barədə “Daily Mail” xəbər verib.
Bildirilir ki, atmosferdə tapılan dimetilsulfid və dimetildisulfid kimi maddələr, Yerdə yalnız canlı orqanizmlər – xüsusilə okeanlardakı fitoplanktonlar tərəfindən istehsal olunur. Bu isə planetdə mikroskopik yadplanetli həyat formalarının ola biləcəyinə işarə edir.
Kembric Universitetindən A.Kershenbaum bildirib ki, “K2-18b”nin okeanı Yerdə 3 milyard il əvvəlki okeanlara bənzəyə bilər. Bu isə orada sadə mikroorqanizmlərin – işıqla qidalanan canlıların yaşadığını göstərə bilər.
Daha inkişaf etmiş həyat formaları da mümkündür. Alimlər belə canlıların qədim Yer canlılarına – bakteriyalarla qidalanan kiçik canlılara və ya filtrasiya edən qədim krivetkalara bənzəyə biləcəyini düşünürlər.
Hətta aşağısıxlıqlı atmosfer varsa, nəhəng qanadlı su canlıları və uçan balıqlar da ola bilər.
Qeyd edək ki, sözügedən planet Yerdən cəmi 124 işıq ili uzaqlıqda yerləşir və üzərində okeanların olması mümkündür.