Alimlərdən yeni kəşf: Torpağın dərinliklərində sirli yeni həyat forması tapıldı

6

Alimlər Yer kürəsinin torpaq qatlarında həyati əhəmiyyət kəsb edən, əvvəllər məlum olmayan mikroblar ailəsi aşkar ediblər.

Bu barədə Miçiqan Dövlət Universitetinin tədqiqatçıları araşdırma aparıb.

Professor Ceyms Tiedjenin rəhbərlik etdiyi komanda bu dərin torpaq qatlarında “CSP1-3” adlı yeni mikrob filumunu kəşf edib. Sözügedən mikroorqanizmlər ABŞ-ın Ayova ştatında və Çində dərin torpaq nümunələrindən təcrid edilib.

Bildirilib ki, “CSP1-3” ailəsinin əcdadları milyonlarla il əvvəl isti bulaqlarda və şirin sularda yaşayıb. Zaman keçdikcə isə onlar əvvəlcə yerüstü torpağa, sonra isə dərin torpaq qatlarına uyğunlaşıblar. DNT analizi nəticəsində bu mikrobların hərəkətsiz deyil, aktiv şəkildə böyüməyə davam etdiyi müəyyən edilib.

Tiedjenin komandası mikrobların yarandığı isti bulaqlardakı temperatur şəraitini yenidən yaradaraq onların becərilməsi ilə bağlı təcrübələr aparır. Uğurlu olarsa, biotexnoloji tətbiqlər üçün bu mikroorqanizmlərin genetik xüsusiyyətləri, məsələn, çirkləndiriciləri parçalamaq qabiliyyəti də araşdırılacaq.

Tiedje aşkar edilən bu mikroorqanizmlərin suyun təmizlənməsi və ətraf mühitin davamlılığı baxımından yenilikçi potensiala malik olduğunu qeyd edib: “Bu mikroorqanizmlər haqqında hələ bilmədiyimiz çox şey var. Ancaq bu məlumatları öyrənə bilsək, dünyamızın üzləşdiyi ekoloji problemlərə təsirli həll yolları inkişaf etdirə bilərik”.