Alimlər ilk dəfə Günəşin üst qatında – koronasında “yağışa bənzər” plazma axınlarını müşahidə ediblər.
Bu qeyri-adi görüntülər ABŞ-dəkı “Big Bear” Günəş Rəsədxanasında yerləşən “Goode” Günəş Teleskopu (GST) vasitəsilə qeydə alınıb.
Mütəxəssislərin sözlərinə görə, koronal plazma yağıntısı Günəşin nəhəng atmosfer qatlarında baş verən kondensasiyalar nəticəsində yaranır və bu, plazmanın soyuyaraq ulduzun səthinə doğru axması ilə müşayiət olunur.
Yeni adaptiv optik sistem sayəsində teleskop Yer atmosferinin yaratdığı maneələri kompensasiya edərək, indiyədək mümkün olmayan dərəcədə dəqiq görüntülər təqdim edib. Bu texnologiya vasitəsilə alimlər Günəş koronasının ən incə strukturlarını – 63 kilometr ölçüsündə detalları – aydın şəkildə görməyə nail olublar.
Günəşin korona təbəqəsi hələ də elm üçün ən böyük sirrlərdən biri olaraq qalır. Onun temperaturu ulduzun səthindən yüzlərlə dəfə yüksəkdir. Bu yeni müşahidə isə korona ilə bağlı daha dərin anlayış əldə etməkdə mühüm addım hesab olunur.